Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

Hemodializ

Azərbaycanda xronik böyrək çatışmazlığı və hemodializ probleminin həlli 1970-cı ildə Respublika kliniki uroloji xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin (Böyrək Mərkəzinin) təşkili ilə başlanmışdır (ilk şöbə müdiri Sultan Əliyev təyin olumuşdur). Birinci hemodializ 1970-ci ilin sentyabrında müvəffəqiyyətlə aparılmışdır. Açılışının ilk günündən akademik M. Cavad-zadənin rəhbərliyi ilə  böyük zəhmətlər hesabına geniş kliniki, elmi-praktik  fəaliyyətlər göstərilməyə başlandı.

Orqanizmin həyat fəaliyyəti nəticəsində insanın orqan və sistemlərinin işinə və funksional vəziyyətinə mənfi təsir göstərə bilən xeyli miqdarda toksik maddələr yaranır və ya xaricdən orqanizmə daxil olur.

 Əlbəttə orqanizmin zərərli amillərdən özünümüdafiə mexanizmləri və toksinləri neytrallaşdıraraq xaric olunması sistemləri mövcuddur. Lakin urbanizasiya, korlanmış ekologiya və sürətli həyat ritmləri şəraitində orqanizmi “şlaklardan” təmizləmə funksiyası daşıyan orqan və mexanizmlər heç də həmişə bu işin öhdəsindən gələ bilmirlər. Bu, lazımsız maddələrin toplanmasına, orqanizmin daxili mühitinin dəyişməsinə səbəb olur ki, nəticədə orqanizm üçün təhlükəli olan ciddi mübadilə pozuntularının və pataloji halların formalaşması baş verir. Beləliklə əsasında immun sistemin pataloji dəyişiklikləri (allergik dəyişikliklər, autoimmun reaksiyalar, immunitetin və müqavimətin zəifləməsi) və mübadilə proseslərinin pozulması duran bir sıra xəstəliklər – hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi, baş-beyin damarlarında sklerotik dəyişikliklər, şəkərli diabet, podaqra və.s. inkişaf edir.

Bu xəstəliklərin əksəriyyətində tətbiq olunan ənənəvi müalicə üsulları yalnız xəstəliyin simptomlarını aradan qaldırır - allergik reaksiyanın və ya infeksiya inkişafının qarşısını alır, bronxial astma tutması zamanı bronxları genişləndirir və yaxud arterial təzyiqi azaldır və.s. Eyni zamanda bu effekt xəstəliyi yaradan əsas səbəbə toxunmur və bir sıra əlavə təsirlər bahasına əldə edilir.

Məntiqi nəticə alaraq güman etmək olar ki, orqanizmin fəaliyyətinin məhsulu olan toksik maddələrin xaric olunması xəstəliklərin gedişatında dönüş nöqtəsi ola bilər.  Bu nöqteyi nəzərdən ekstrakorporal hemokorreksiya üsüllarından istifadə edərək müalicə prosesində qənaətbəxş nəticələr əldə etmək olar.

Ekstrakorporal hemokorreksiya-qanın hüceyrə elementlərinin kəmiyyət və keyfiyyət dəyişikliyi, zülal, su-elektrolit, ferment və qaz tərkibinin orqanizmdən xaricidə müxtəlif texniki üsullarla yenidən işlənməsidir. Hemokorreksiya efferent (efferens-xaric etmə) terapiya üsulları ilə həyata keçirilir. Efferent terapiya üsulları, yəni müxtəlif xəstəliklər fonunda və ya xarici mühitdən orqanizmə daxil olan zərərli maddələrin birbaşa yolla xaric edilməsi məhz orqanizmin daxili mühitinin təmizlənməsinə yönəlmişdir.

Bu üsulların ən effektiv və kliniki praktikada daha çox istifadə edilən növlərinə aiddir: 
-    Hemodializ;
-    Hemosorbsiya;
-    Plazmaferez;

Bu zaman toksinlər, azot mübadilə məhsulları (kreatinin, sidik cövhəri və s.), immun komlpekslər, xolesterin və müxtəlif xəstəliklərə səbəb olan digər patoloji məhsullar qandan xaric olunur. Hər bir metodun əsasında detoksikasion (orqanizmi toksiki maddələrdən təmizləmə), reokorreksion (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq), immunokorrektiv (immuniteti yaxşılaşdırmaq) kimi selektiv təsirlər durur.

I. Hemodializ (hemo-qan, dializ-təmizləmə)-qanın bədəndən xaric edilərək hemofiltrdən (dializatordan) keçirməklə təmizlənməsi və təmizlənmiş qanın yenidən orqanizmə qaytarılması üsuludur. Hemodializ “süni böyrək” cihazı vasitəsilə həyata keçirilir.

DİN-in A.Heydərov adına Respublika Hospitalının hemodializ zalı və osmos-su təmizləyici otağı. Cihaz insan böyrəyinin müəyyən funksiyalarını (azot qalıqlarının xaric edilməsi, su-duz mübadiləsi, homeostazın tənzimlənməsi və s.) yerinə yetirmək imkanı verən xüsusi materialdan hazırlanmış yarımkeçirici membran-dializator (hemofiltr) və  qanın qaz və elektrolit tərkibinə uyğunlaşdırılmış xüsusi tərkibli osmotik aktivliyə malik olan  dializat (qan tərkibinə uyğun buffer məhlulu-asetat və bikarbonat) keçirməklə qanın təmizlənmə prinsipi ilə işləyir.

Cihaz cərrahi əməliyyat vasitəsi ilə yaradılmış xüsusi damar yolunu (fistulanı) fistula iynəsi ilə punksiya edilərək qan dövranına  birləşdirilir. Maqistral şuntlar vasitəsilə qan dializatora təmizlənmək üçün daxil olur. Bu zaman xəstənin qanının müəyyən hissəsi (200-300 ml) bədəndən xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir və sonda orqanizmin qan dövranına qayıdır. Standart olaraq dializ proqramı adətən həftədə 3 dəfə 4 saat davam edir və bu proqram hemodializ və ya periodik hemodializ, yaxud xronik hemodializ adlanır. Əksər xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə - hemodializ mərkəzlərinə gələrək bu əməliyyatı ambulator şəraitdə qəbul edirlər. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə o,  illərlə və ya 10 illərlə müalicə ala bilir və dializin köməyi ilə  dolğun bir həyat yaşayır. Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və tibbi məsləhətləri yerinə yetirirsə iş qabiliyyətini uzun müddət saxlayır və aktiv həyat fəaliyyətini davam etdirir.

Xəstələr razı olduqda 3-6 ay dializ müalicəsindən sonra böyrək transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti yaxşılaşır, onlar  hərtərəfli müayinə olunur və əks-göstəriş olmadıqda böyrəkköçürmə əməliyyatı yerinə yetirilir. Dializsiz böyrək-köçürmə ancaq təşkilati işlər yaxşı qurulduqda aparıla bilər.

 “Süni böyrək” cihazın xəstənin qan dövranına birləşdirmək üçün damar yolu yaradılır: kəskin böyrək çatışmazlığı (KBÇ) zamanı – müvəqqəti (körpücükaltı, vidaci, bud venasına kateterin qoyulması), Xroniki böyrək çatışmazlığı (XBÇ) zamanı – daimi (arteriovenoz şunt, arteriovenoz (AV) fistula.

Hemodializin iki növü vardır:

-    Kəskin hemodializ
-    Xroniki (proqram) hemodializ

Kəskin hemodializ-müxtəlif etioloji səbəblərdən yaranan kəskin böyrək çatışmazlığı zamanı tətbiq edilir. Xəstə bir neçə hemodializ seansından sonra normal  həyata qaytarılır və ya böyrəklər səviyyəsində ciddi geridönməz patologiya əmələ gəlirsə, həyati göstərişə əsasən daimi xroniki hemodializ davam etdirilir və ya böyrəkköçürülmə əməliyyatına göndərilir.

Xroniki (proqram) hemodializə (Xroniki Böyrək Çatışmazlığı zamanı) göstərişlər:

1.    Kreatinin böyrək klirensi 10-15 ml/dəq/1,73 m2-dən  az;
2.    Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m2-dən  az;
3.    Qanda kreatinin səviyyəsi 600-700 mk mol/l-dən yüksək;
4.    Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l-dən yüksək;

Aşağıdakı kliniki əlamətlərin birinin olması:

- uremiya simptomları; 
- hiperhidratasiya,  nəzarət olunmayan AH, xroniki ürək çatışmazlığı,   başlayan ağciyər ödemi;
- proqress edən uremik neyropatiya;
- metabolik asidoz, dekompensasiyaya uğradıqda;
- uremik perikardit, uremik prekoma;
- zülal-enerji çatışmazlığı (malnutrition), hiperkatabolizm.

Proqram (xroniki) hemodializə nisbi əks göstərişlər:

1.  Bədxassəli şişlər;
2.  UİX, miokard infarktı, ürək çatışmazlığı;
3.  Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər sirrozu;
4.  Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;
5.  Baş  beyin  damarlarının zədələnməsi;
6.  Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.)
7.  Qan xəstəlikləri (aplastik anemiya, leykoz və s.)
8.  Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın olmaması (alkoqolik, narkoman, evsiz avaralar);
9.  Sinir sisteminin ağır xəstəlikləri;
10. Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski olan xəstələr (uşaqlıq fibroması, Mellori-Veys sindromu, mədə və 12 barmaq bağırsaq xorası). Ürək və magistral damarların  anevrizması.

 Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə potensial ehtiyacı olan xəstələrin vaxtında nefroloqun məsləhətinə göndərilməməsi nəticəsində xəstəliyin kliniki gedişinin ağır şəkil aldığı zaman xəstəyə hemodializ müalicəsinin kömək göstərəcəyinə təminat vermək mümkün olmur. Ona görə də xəstənin nefroloqun məsləhətinə vaxtında göndərilməsi  çox vacibdir, çünki, bu mütəxəssislərlə görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ-nin ağırlaşmalarını aradan qaldırmaq imkanını verir. Digər tərəfdən hemodializ müalicəsinə göstərişi düzgün təyin etmədikdə xəstələrin vəziyyətinin daha da pisləşməsinə və fatal sonluğun tezləşməsinə səbəb olur. 
Ümumiyyətlə hemodializ təkcə müalicə deyil, həm də bir yaşam tərzidir!

II. Hemosorbsiya. Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən keçirilməsi əməliyyatı hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Xəstənin qanı sorbsion aparatda yerləşən səthi-aktiv strukturlardan keçərkən, toksik maddələr fiksasiya olunur, təmizlənmiş qan isə xəstəyə qayıdır.

Hemosorbsiya zamanı əsasən qandan «orta molekullu» maddələr təmizlənir. Ona görə Xroniki Böyrək Çatışmazlığının müalicəsində hemosorbsiya hemodializlə kombinə olunur. Bundan başqa hemosorbsiya kəskin böyrək, qaraciyər çatışmazlığında, endogen və ekzogen intoksikasiyalarda, allergik  və sair xəstəliklərdə geniş tətbiq edilir.

III. Plazmaferez-Ekstrakorporal müayinə metodlarının bir növü olub qanın plazma hissəsinin pataloji kompenentlərini ayırmaqla, qan və qanəvəzedici kompenentlərlə əvəz edilməsi prosesidir. Əməliyyat xüsusi cihazın və plazmafiltrlərin köməyi ilə aparılır. Bir sıra pataloji maddələr qapalı struktura malik olduqları üçün elektrik yükü daşımırlar, neytraldırlar (məsələn: immun komplekslər, allergenlərin bəzi növləri, xolesterin və.s.); onlar sorbentdə fiksasiya oluna bilmirlər. Belə hallarda plazmanın və plazmada həll olmuş toksinlərin bədəndən xaric olunmasına əsaslanan plazmaferez üsulu daha effektlidir.

Beləliklə plazmaferezin güclü immunokorrektor və reokorrektor (qanın realoji xüsusiyyətlərinin normallaşdırılması) xüsusiyyətlərinə görə ondan kəskin və xro¬nik böyrək çatışmazlığında, kəskin və xronik qlomerulonefritdə, qan və sinir sistemi xəstəliklərində, xroniki alkoqolizmdə, qanın rezus konflikt olduğu hallarda, müxtəlif mənşəli hamiləlik toksikozlarında və patoloji hallarda tətbiq edilir.

Beləliklə efferent prossedurlar zamanı orqanizmə toksiki təsir göstərən maddələr xaric olur və nəticədə patogen maddələrin konsentrasiyasının xeyli azalması uzunmüddətli remissiyaya (xəstəliyin əlamətlərinin olmamasına) və hətta sağalmaya səbəb olur.





Çap et  Çap et