Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalı

Rentgen, Radiologiya

Şüa diaqnostikasi xidməti. 

Maqnit Rezonans Tomoqrafiyası

MR-bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MR-insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir.

 Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içərisinə uzadılır. Bədəndəki hidrogen atomlarına enerji verilməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağızına köçürmək mümkündür. MR müayinəsi 20-40 dəqiqə arasında tamamlanır. MR sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.

MR vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunu, onurğa beyni, döş qəfəsi orqanları, qarın boşluğu orqanları, çanaq orqanları, sümük-oynaq sistemi və yumşaq toxumalarda meydana gəlmiş dəyişiklikləri aşkar etmək olar.

Kompüter Tomoqrafiyası

Kompüter tomoqrafiyası (KT)-orqanizmin toxumalarının rentgen şüalarını müxtəlif dərəcədə udmasına əsaslanan müayinə üsuludur. Kompüter tomoqrafiyası zamanı şüa mənbəyi xəstənin uzandığı stolun ətrafında fırlanır, istiqamətlənmiş nazik şüa dəsti obyektdən keçir və bir neçə rentgen detektoru vasitəsilə tutulur. Tomoqrafiya prosesində şüalar insan orqanizmini bir neçə istiqamətdə “dəlib keçir“ və detektorlarda toplanır. Həmin detektorlar alınan məlumatı kompüterə ötürür, kompüter isə öz növbəsində, şüaların toxumalar tərəfindən udulma dərəcəsindən asılı olaraq laylar üzrə təsvirlər yaradır və onları monitora çıxarır. Beləliklə şüaların udulması prosesində ən kiçik dəyişikliklər belə qeydə alınaraq monitorda əks olunur, bu da kiçik patoloji prosesləri aşkar etməyə imkan verir.

Kompüter tomoqrafiyası masadan və onun daxil olduğu dairəvi pəncərədən (gantry) ibarətdir. Pəncərənin halqasının səthində bir tərəfdən şüa mənbəyi (rentgen borusu), əks tərəfdə isə həssas detektorlar yerləşir. Pasiyent masanın üstündə uzanır və masa aramla fırlanan pəncərənin içinə daxil olur. Pəncərə bir dəfə dövr etdikdə kompüterin monitorunda müayinə olunan orqanın millimetrlərlə ölçülən kəsiyi görünür. Beləliklə, həmin orqanın laylı təsviri alınır. Layların qalınlığı 0.3 mm-ə qədər olur və kəsiklərin alınmasına 7-12 saniyə vaxt sərf olunur.

Bəzi hallarda: damar strukturlarının, şişlərin və onların metastazlarının müayinəsi zamanı təsvirləri daha dəqiq almaq üçün, həmçinin orqan (qaraciyər, böyrək və s.) funksiyalarının qiymətləndirilməsi zamanı kontrast maddələrdən istifadə oluna bilər.
Bu yüksək texnologiyalı avadanlığın köməyi ilə mərkəzi sinir sistemi, döş qəfəsi orqanları, ürək-damar sistemi, mədə-bağırsaq traktı, sidik-cinsiyyət sistemi, ginekoloji xəstəliklərin, damarların, onurğa sütunu, çanaq sümükərinin və bütövlükdə dayaq-hərəkət aparatının degenerativ-destruktiv dəyişikliklərinin vaxtında və dəqiq diaqnostikası həyata keçirilir. KT orqanizmin toxuma və sahə mühitlərinin sıxlığının müəyyənləşdirilməsi imkanı, hansı ki, tədqiq olunan substratı, məsələn duru və qatılaşmış qanı, maye ilə dolmuş kistanı və şişi, toxumaların şişinin sərhədlərini və b. incə şəkildə diferensiasiya etməyə şərait yaradır. KT orqanizmin orqan və müxtəlif toxumalarında patoloji prosesin lokallaşma və yayılma dərəcəsini müəyyənləşdirməyə, müxtəlif patofizioloji proseslərin dinamikasını izləməyə, operativ müdaxilənin yanaşma və həcmini seçməyə, şişlərin biopsiyasını həyata keçirməyə, müalicənin nəticələrini qiymətləndirməyə imkan verir.

 2009-cu ilin əvvəlində «Philips» şirkətinin istehsalı olan dünyada ən müasir kompüter tomoqraf (64 kəsikli MDKT-multidetektorlu və ya multispirallı Kompüter Tomoqrafiya) DİN-nin Respublika Hospitalında quraşdırılmışdır. Bu cihazın üstünlüyü ondadır ki, o ürəyin tədqiqinin aparılmasına imkan verir. Əvvəllər ürəyin tac damarlarının vəziyyətinin vizuallaşdırılması üçün klassik angioqrafiya-bud arteriyası vasitəsilə kateterin yeridilməsi üsulu (invaziv üsul) tətbiq edilirdi. İnformativ olmasına baxmayaraq, bu metod pasient üçün müəyyən risk və ağırlaşmalar (hematoma-qançırlar, fibrilyasiyalar və s.) daşıyır. Klassik angioqrafiyanın aparılması zamanı kardioəməliyyatxana hazır vəziyyətdə saxlanılmalıdır ki, zərurət yarandıqda təcili cərrahi müdaxilə həyata keçirmək mümkün olsun. Sonra, bu tədqiqatın aparılması üçün pasiyenti stasionara köçürmək, tədqiqata hazırlamaq və tədqiqatdan sonra bir neçə gün də stasionarda saxlamaq məcburiyyəti yaranırdı. İndi isə bu proses cəmi 30 dəq. çəkir və ambulator şəraitdə aparılır. Yeni tomoqraf ürəyin və tac damarlarının tədqiqi üçün nəzərdə tutulmuş «Heart View paket» proqramı ilə təchiz edilib. Bu, necə baş verir: ürəyin tomoqrafla sinxronlaşdırılan ritm tezliklərini müəyyənləşdirmək məqsədilə pasiyentin bədəninə xüsusi elektrodlar bərkidilir.

Bu minvalla ürəyin yığılmasından yaranan artefaktlardan qaçmaq üçün optimal skanerləmə rejimi seçilir. Dirsək venasına xüsusi avtomatik injektor vasitəsilə kontrast maddəsi vurulmasına başlanılır və proqram, pasiyentin fərdi hemodinamikasını müəyyənləşdirərək, skanerləmənin lazımi protokolunu düzənləyir. Bundan sonra nəfəsin 10-12 saniyə saxlanılması komandası verilir və tomoqrafın multispiral sistemi ürəyi skanerləməyə başlayır, özü də bu zaman kəsik qalınlığı 1mm-dən də az olur. Beləliklə, tədqiqat prosedurunun özü 10-15 dəqiqəyə başa çatır. Skanerləmə dövrü ərzində emal üçün külli miqdarda məlumat əldə edilir. Bu tomoqrafın güclü, ən müasir proqram təminatı ürəyin və tac damarlarının 3D (üç ölçülü) təsvirini əldə etməyə, stenoz və okklüziyaların olub-olmamasını müəyyənləşdirməyə, damarlardakı kiçik kalsium qomlarını saymağa (kalsium skorlama), ürəyin anatomik özəlliklərini təhlil etməyə imkan verir.

Ən əsası isə odur ki, bu tədqiqat heç bir risk faktoru və ağırlaşmaya səbəb olmadığından pasiyenti stasionara yerləşdirməyə və hazırlıq işləri aparmağa ehtiyac qalmır.

Bu üsul ÜİX-nin (Ürəyin İşemik Xəstəliklərinin) hərtərəfli skrininqi almağa qadirdir. O, kateterləşdirmənin böyük riskə bağlı olduğu uşaq patologiyaları zamanı əvəzedilməzdir. Başlıca amil isə odur ki, indi hər kəs uzun çəkən yorucu hazırlıq prosesi, qorxu olmadan ürəyini tədqiq etdirə bilər. Bu qorxu hissi pasiyentin vaxtında həkimə müraciət etməsinə mane olur ki, bu da müalicənin sonrakı mərhələlərində ağırlaşmaların ortaya çıxması ilə nəticələnir.

Yuxarıda sadalananlardan əlavə olaraq, bu tomoqraf bir sıra unikal proqramlarla da təchiz edilmişdir ki, bunlar insanın bütün anatomik strukturlarının həcmli, 3D (üçölçülü) təsvirlərin alınmasına, stomotologiya və implantologiyada əvəzsiz olan xüsusi «Dental» proqramına, ciyər toxumasının sıxlığı və qaraciyər transplantasiyasında çox informativ müayinə üsulu olan qaraciyər volumunun (həcminin) hesablanmasına, həmçinin orqanların 3 fazalı (arterial, venoz və parenximatoz) dinamik müayinəsinə, virtual traxeobronxoskopiya və virtual kolonoskopiyaya imkan verir.

Maraqlanan şəxslər bütün bu məsələlərlə əlaqədar DİN-nin A.N.Heydərov adına Respublika Hospitalının Radiologiya şöbəsinə müraciət edə bilərlər.

 Rentgen

 Rentgenoloji müayinələr digital “DuoDiognost Philips” aparatı ilə aparılır.

 





Çap et  Çap et