HOSPİTALIMIZIN POTENSİALI GETDİKCƏ ARTIR DİQQƏT VƏ QAYĞININ, ELMİ-PRAKTİKİ UĞURLARIN SAYƏSİNDƏ

04.11.2016

 DİN-in Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının yeni, müasir tibbi avadanlıqlarla təchiz olunmuş binası istifadəyə verildikdən sonra ötən müddətdə bura həm də ölkə səhiyyəsinin aparıcı elmi-praktik mərkəzlərindən  birinə çevrilmişdir. Hospitalda bir çox xəstəliklərin daha səmərəli və müasir üsullarla müalicəsinə imkan verən tibbin yeni sahələrinin öyrənilib, praktik tətbiqi ilə məşğul olan şöbələr açılmış, əməkdaşların ixtisaslaşması və bacarıqlarının, vərdişlərinin artması, daha da təkmilləşməsi üçün lazımi tədbirlər görülmüşdür.

Bu sırada yeni fəaliyyətə başlayan Distansion Litotripisiya Mərkəzinin, Hemodializ şöbəsinin adlarını çəkmək yerinə düşər. Şəxsi heyətin peşə hazırlığının artırılmasına, tibb sahəsindəki yeniliklərin, o cümlədən yeni cərrahi üsulların, müalicə-bərpa prossesinin öyrənilməsinə həsr olunmuş elmi-praktik konfransların keçirilməsi də hospitalda son illərin ən gözəl və gərəkli ənənələrindən biridir.

Oktyabrın 28-də hospitalda növbəti belə bir tədbir keçirilib. Elmi-praktik konfransı açan hospitalın rəisi, tibb xidməti polkovniki, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Ramiz Əkbərov son illər rəhbərlik etdiyi səhiyyə ocağında mütəmadi olaraq, ayrı-ayrı inkişaf etmiş ölkələrin mötəbər tibb ocaqlarının aparıcı tibb mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbirlərin, Avropanın tibb avadanlıqları istehsal edən şirkətlərinin təmsilçiləri ilə monitorinqlərin keçirildiyini bildirib. Qeyd olunub ki, bu il hospitalın əməkdaşlarının müəllifi olduğu əllidən çox elmi məqalə, tezis və metodik tövsiyə, monoqrafiya nəşr olunub. Həmçinin diqqətə çatdırılıb ki, təkcə 2016-cı ildə əməkdaşlardan hospitalın müalicə işləri üzrə rəis müavini, tibb xidməti polkovnik-leytenantı İsbi Babaxanov, Hemodializ şöbəsinin rəisi, tibb xidməti mayoru Rüfət Əhmədov, Kardiologiya şöbəsinin ordinatoru, tibb xidməti kapitanı Elmar Məmmədov dissertasiya işlərini uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcələri alıblar. R.Əkbərov bununla da hospitalın elmi potensialının daha da möhkəmləndiyini, burada xidmət edən elmlər namizədlərinin sayının 16-ya çatdığını, Stomatologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Emin Həsənovun müdafiə ərəfəsində olduğunu, 10-dan çox əməkdaşın elmi araşdırmalara başladığını, elmi yeniliklərin, yeni müalicə metodlarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını, bu tendensiyanın gələcəkdə də uğurla davam etdiriləcəyini deyib. 

 Bildirilib ki, nazirliyin rəhbərliyi DİO əməkdaşlarının, onların ailə üzvlərinin, veteranların, bu müalicə ocağına müraciət edən digər soydaşlarımızın müayinə və müalicəsinin ən yüksək səviyyədə təmini, hospitalın maddi-texniki və elmi potensialının güclənməsi üçün gündəlik diqqət və qayğı, eyni zamanda, tələbkarlıq göstərir. Bütün bunlarla bərabər, tibb işçilərinin xarici ölkələrdə təcrübə keçməsi, biliklərinin artırılması, mükəmməl şəkildə ixtisaslaşması üçün tədbirlər də diqqətdən kənarda qalmır. Məsələn, elə təkcə bu il ərzində radioloq, tibb xidməti kapitanı Əli Əliyev, Cərrahiyyə şöbəsinin ordinatoru, tibb üzrə fəlsəfə doktoru, tibb xidməti baş leytenantı Vüsal Eminov və cərrah, tibb xidməti baş leytenantı Rəvan Əliyev endoskopist, tibb xidməti leytenantı Nigar Allahverdiyeva, Türkiyədə, tibb xidməti mayorları Rövşən Ağamirov və   Şükür Eyvazov isə Rusiyanın aparıcı klinikalarında kurs keçiblər. Endokrinologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Almaz Həsənova, Travmatologiya şöbəsinin ordinatoru, tibb üzrə fəlsəfə doktoru Ramin Nəcəfov, dəri-zöhrəvi həkimi, tibb xidməti leytenantı Mehriban Almazova, beynəlxalq master-klass tədbirlərində və elmi konfranslarda iştirak ediblər.

Elmi-praktik konfransda V.Eminov çıxış edərək “Gülhanə” Eyitim və Araşdırma Xəstəxanasında keçdiyi yarımillik təcrübə müddətində tanış olduğu elmi yeniliklərin tətbiqi ilə keçirilən cərrahi metodlar, onların öyrənilməsi və tətbiqi perspektivləri barədə çıxış edib, bir neçə əməliyyatın videogörüntülərlə izahını verib. 

Çıxışlarda digər  səhiyyə ocaqlarında təcrübə keçmiş əməkdaşların da qabaqcıl iş metodlarını, tibbi yenilikləri öyrənməsi yüksək qiymətləndirilib.

Konfransda çıxış edən DİN Tibb İdarəsinin şöbə rəisi, tibb xidməti polkovnik-leytenantı Loğman Zeynalov səhiyyənin daha müasir səviyyədə təşkili üçün görülən işlərdən danışıb.

Virtual Karabakh Justice for khojaly