Funksional diaqnostika

Ultrasəs, Funksional diaqnostika və Endoskopiya şöbəsi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalının Ultrasəs, funksional diaqnostika və endoskopiya şöbəsi dünya standartlarına uyğun ən son texnologiyaları ilə təchiz olunaraq, hər tərəfli diaqnostika ilə xidmət göstərməkdədir.

ULTRASƏS MÜAYİNƏ (USM) (Philips HD II XE, SONOACE 9900)
 
Ultrasəs müayinə - qara ciyər, öd kisəsi, mədəaltı vəz, böyrəklər, prostat, qalxanvari və süd vəziləri, ginekolojı  və s. orqanların  müxtəlif xəstəliklərinin erkən diaqnostikasında rəngli spektral ultrasəs doppler müayinəsinin rolu əvəzedilməzdir. 
Exodopplerkardioqrafiya – ürəyin struktur və funksiyaların dəyərləndirən ultrasəs müayinə metodudur. Müayinə zamanı anadangəlmə ürək qüsurları, ürək çatmamazlığı, miokard infarktı, iri damarların qan axının xarakteristikası,  ürəkdaxili törəmələrin, trombların təyini aparılır. 
Rəngli Doppleroqrafiya damarlarda qan axınının sürət və istiqamətini təyin edən ultrasəs müayinə metodudur. Müayinə orqanların qan-damar sistemində anadangəlmə qüsürların, dölün qan dövranının yoxlanılmasına, ətraf arteriya və venalarda daralma, anevrizma, trombların dəqiqliyi ilə  təyin olunmasına imkan yaradır.
Ultrasəs müayinəyə xüsusi hazirlıq  tələb olunmur,  əks-göstəriş və fəsadlar qeyd olunmur.
ELEKTROKARDİOQRAFİYA (EKQ) ( Philips Page Whiter Trim III, Shiller AT–101, MAC-2000)

Elektrokardioqrafiya (EKQ) – ürək  fəaliyyəti zamanı yaranan elektrik potensiallarının qeydiyyatına  əsaslanan diaqnostik metodikadır. EKQ  ürək – damar sistemi xəstəliklərinin diaqnostikasında ilkin, ziyansız, tez, ucuz və informativ müayinə üsuludur. 
Elektrokardioqrammaya göstərişlər: istənilən ürək xəstəlikləri (aritmiyalar, ürək çatmamazlığı, ürək qüsurları,miokard infarktı və s.), hiperxolesterinemiya (qanda xolesterinin yüksəlməsi), cərrahi müdaxilədən əvvəl, hamiləlik , 40 yaşdan sonra ildə 1 dəfə.

TREDMİL-TEST (STRESS TEST)   (Cardioline XR 500)

Tredmil test (fiziki yük sınağı) – Bu sınaq zamanı ürəyin fiziki gərginlikdə fəaliyyəti dəyərləndirilir. 
Müayinə zamanı xəstələr aparat üzərində yeriməyə başlayır və hər 3 dəqiqədən bir (seçilmiş proqramdan asılı olaraq) sürətin artırılması ilə nəbzin, qan təzyiqinin  və EKQ-nin fasiləsiz qeydi aparılır. 
Tredmil test ürək damar sistemi xəstəliklərinin diaqnozu, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginliyin aritmiyaların və arterial təzyiqin meydana gəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. 
Tredmil test istirahətdə EKQ-də təsbit edilməyən, lakin fiziki gərginlik əsasında meydana çıxan patolojı dəyişiklikləri təyin etmək üçün dəyərli bir müayinədir. 

HOLTER MONİTORU    (Holter Telesmart-H/SH 11735)

o Holter monitoru – 24 saat qan təzyiqinin və EKQ-in qeydi.
o 24 saatlıq EKQ-in qeydi – Müayinə ev şəritində aparılır. Kiçik bir aparatın köməyi ilə  ürək fəaliyyətinin 24 saat ərzində fasiləsiz elektrokardioqramması qeyd olunur. Holter moritorinqi vasitəsi ilə ağrısız (gizli) işemiyaları, ürək damarlarının yuxu zamanı qəfləti spazmı, paroksizmal taxikardiyaları, ürək vurğularının zəifləməsi-bradikardiya və ya dayanması – AV blokadaları, tranzitor – adi EKQ zamanı qeyd olunmayan keçiricilik və ritm pozğunluqları təyin olunur.
o 24 saatlıq qan təzyiqinin qeydi – Müayinə zamanı xəstələrin 24 saat ərzində (yuxuda, yüklənmə və  istirahət zamanı) təzyiq və nəbzin müəyyən aralıqla ölçülərək qeydə alınır. Bu müayinə metodunun hipertoniya xəsləliyinin erkən aşkarlaması və effektiv müalicə  seçimində rolu böyükdür. 

ELEKTROENSEFALOQRAFİYA (EEQ)   (Neurofax EEG – 9100)

Elektroensefaloqrafiya (EEQ) – baş beyinin elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün ən təhlükəsiz  müayinə metodudur. Elektroensefaloqrafiya epilepsiya xəstəliyinin əsas diaqnostikası üsuludur  və bu xəstəliyin müalicəsi zamanı dinamikasını müşahidə etmək üçün rolu əvəzsizdir. 
EEQ  ürəkgetmə, isteriya tutması, uşaqlarda nitq pozulmaları səbəblərinin differensasiyası, beyində damar patologiyası, bir sıra psixi pozğunluqlarda və s. patalogiyaların aşkar olunması üçün vacib müayinə metodudur. 

ENDOSKOPİYA (Gastroskop Pentax LH – 150 PC, Gastrointestinal videoscop Olympus GİF type Q150, Colonovideoscop Olympus CF type Q150L/İ)            

Endoskopiya – xüsusi optik alətlər – endoskoplar vasitəsilə boşluqlu orqanların müayinə üsuludur. Endoskopiya  həzm və digər (urolojı, tənəffüs) sistemlərin müxtəlif xəstəliklərində diaqnostik və müalicəvi məqsədlə geniş istifadə olunur. 
Diqnostik endoskopiya metodlarına aşağıkıları aid etmək olar: fibroqastroduodenoskopiya, kolonoskopiya, biopsiya, PH-metriya, xromoendoskopiya. 
Endoskopiya cərrahi müdaxiləsiz,  qısa müddətdə mədə-bağırsaq sistemində olan qızartıları, eroziyaları, yaraları, xoraları erkən mərhələlərdə aşkara çıxara bilir. Erkən endoskopiya – mədə-bağırsaq traktının yuxarı və aşağı hissələrində qanaxma mənbəyinin üzə çıxardılmasının ən həssas və spesifik üsuludur.