Orta qulağın xroniki iltihabı xəstəlikləri


Xolesteatoma qulaq pərdəsi arxasında ( orta qulaqda ) normada rast gəlinməyən dəri( epidermal ) törəmədir. Keratinləşmə göstərən çox qatlı yastı epitelin orta qulaqda və ya temporal sümüyün digər pnevmatizasiya olan sahələrində toplanmasıdır. Histoloji olaraq xoşxassəli ancaq klinik olaraq destruktiv (dağıdıcı) bir törəmədir. Çox qatlı yastı epitelin orta qulağa necə gəldiyi və hiperkeratinləşmənin necə başlaması aparılan çoxsaylı təcrübələrə əsasən hələ də mübahisəli olaraq qalır. Xolesteatoma qulaq pərdəsinin epidermisinin təkrarlanan iltihablar (xroniki irinli orta otit) nəticəsiylə içəriyə doğru böyüməsi ilə başlayır ,kista və ya kisə formasını alır və qar topu şəklində genişlənir. Müəyyən zaman keçdikdən sonra xolesteatoma böyüyərək ətrafdakı çox incə qulaq sümükcüklərinə zərər verir və davam edən böyümədən sonra eşitmə zəifliyi və ən ağır halda vestibulyar pozğunluq, üz sinirinin iflici, beyində abses, meningitlə, nadir hallarda ölümlə nəticələnə bilər.
    Xolesteatomla bağlı ölkəmizdə epidemioloji göstəricilər müəyyən olunmasa da Finlandiyada xolesteatomlu xəstə göstəricisi hər 100000 adamdan 9,2-sində olub,kişilərdə daha çox müşahidə edilir. İsraildə aparılan bir müşahidədə isə Xroniki irinli orta otitli (XİOO) xəstə 0,95%, Xolesteatomlu xəstə 0,4% olaraq göstərilmişdir və XİOO olan xəstələrin 45%-ində Xolesteatom müşahidə edilmişdir.
     DİN Hospitalında bu xəstəliyə görə müalicə olunan xəstələrdən birini təqdim etmək istəyirəm. C.Vüqar 1963 –cü il təvəllüdlü,  2016 ci ilin fevral ayında DİN  Hospitalına sağ qulağında eşitmənin uzun müddətdir ki getdikcə zəifləməsindən, irinli ifrazatdan  və başında ağrı şikayətləri ilə daxil olmuşdur. Özünü 5ildən çoxdur ki,xəstə hesab edir. DİN Hospitalında aparılan endoskopik müayinənin nəticəsinə əsasən xəstəyə Audiometriya və Kompyuter Tomoqrafiya müayinələri məsləhət görüldü,nəticələrə əsasən xəstəyə sağ tərəfli ‘’Xolesteatomlu Xroniki İrinli Epitimpanit” diaqnozu qoyuldu.
    Xəstəyə 06.02.2016 tarixində endotraxeal anesteziya altında Rusiya Federal Tibbi-biologiya agentliyinin Otorinolarinqologiya elmi-klinik mərkəzinin Professoru Dr.Hassan Diab və DİN Hospitalının Otorinolarinqologiya şöbəsinin rəisi Tibb xidməti mayoru, T.E.N K.D.Yusifov tərəfindən “Antromastoidotomiya, Timpanoplastika Ossikuloplastika ilə ’’ əməliyyatı aparıldı. Xəstənin sağ mastoid boşluğundan böyük ölçülü(4x5 sm) xolesteatoma xaric edildi. Qulaq keçəcəyinin arxa divarı qorundu. Qulaq pərdəsi və sümükcük zənciri PORP protezi vasitəsilə rekonstruksiya edildi. Eşitmə bərpa edildi, irinli ifrazat ocağı ləğv edildi. Əməliyyat fəsadsız və əməliyyatdan sonrakı dövr sakit keçib. Xəstə 2 sutka sonra kafi vəziyyətdə evə buraxıldı, 10 sutka sonra qulaq sarğısı açıldı qulaqarxası tikişlər söküldü. Növbəti aylarda təkrar müayinələr aparıldı və xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirildi.

Virtual Karabakh Justice for khojaly